ATİAHİ Neftçala rayon komitəsində 2 Fevral - Gənclər Günü ərəfəsində bayram süfrəsi arxasında gənc ittifaq üzvləri ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan gəncliyinin qazandıqları nailiyyətlərdən və dövlətimizin inkişafında xidmətlərindən danışılıb. Bildirilib ki, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin ətrafında sıx birləşən gənc nəsil böhrandan çıxış yolunu yalnız Ulu Öndərin şəxsində gördülər. Dövlətimizin qurulmasında, müstəqilliyimizin qorunmasında fədakarlıqla mübarizə apardılar. Qısa müddətdə ölkəmizi məhv olmaqdan xilas edən dahi Lider gənclər siyasətini prioritet istiqamətə çevrdi. Onun gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar dövlətimizin ictimai-siyasi həyatında gənclərin parlamasına, aktiv iştirakına geniş imkanlar açdı.
Vurğulanıb ki, Prezident İlham Əliyevin qayğısının və bu sahəyə olan diqqətinin nəticəsidir ki, gənc nəslin ictimai-siyasi həyatda rolu durmadan artır, ölkənin əsas aparıcı qüvvəsini təşkil edirlər, həmçinin onlarda öz gücünə, istedadına, bacarığına inam hissi güclənib. 2007-ci ilin “Gənclər İli” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyətinə əlverişli şərait yaratmış oldu.
Həmçinin tədbirdə çıxış edən gənclər dövlətimizin onların hərtərəfli inkişafı üçün yaratdığı şəraitdən razılıqlarını ifadə ediblər.